İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. SİA xəbər verir ki, komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.
Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək.
Qeyd edək ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 2-ci iclası 2018-ci ildə Bakıda keçirilib.