“Mövzu təkcə enerji resursları, xüsusilə təbii qazla məhdudlaşmır”


“Mövzu təkcə enerji resursları, xüsusilə təbii qazla məhdudlaşmır. Burada əsas məsələ daha geniş geosiyasi münasibətlər sistemində Azərbaycan Respublikasının rolu və təsir imkanlarının dəyərləndirilməsidir. Azərbaycanın Suriya ilə münasibətləri inkişaf etdirməsi və bu kontekstdə Yaxın Şərqdə nüfuzunun artması ölkənin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafa sözlərinə belə davam edib: “Diqqətçəkici məqam ondan ibarətdir ki, hazırda bir-birilə zidd mövqelərdə dayanan Suriya və İsrail belə, Azərbaycan vasitəsilə müəyyən diplomatik uzlaşma imkanlarını nəzərdən keçirməkdədirlər. Bu faktın özü Azərbaycanın regiondakı rolunun və strateji əhəmiyyətinin artdığını göstərir.

Bütün bu proseslərin mərkəzində isə iqtisadi maraqlar dayanır. Azərbaycan yalnız siyasi və dostluq prinsiplərinə əsaslanaraq deyil, hər bir əlaqəni iqtisadi əməkdaşlığın genişləndirilməsi prizmasından dəyərləndirərək irəliləyir. Bu baxımdan, Suriyaya səfirlik açılması ilə bağlı atılan addım da düşünülmüş və strateji qərardır. Bu qərar, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgə üzrə uzaqgörən və praqmatik siyasətinin bariz nümunəsidir.

Bu istiqamətdə atılan addımların digər region dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Hərçənd ki, hal-hazırda bölgədə enerji infrastrukturunun tam bərpa olunmaması müəyyən çətinliklər yaradır, lakin Azərbaycanın bu mərhələdə ortaya qoyduğu təşəbbüslər regional sabitliyin təmin olunmasına mühüm töhfə vermək gücündədir və bu, yüksək qiymətləndirilməlidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər